ÜGT-nin Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi keçirilib

Sentyabrın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya iştirak ediblər.
DGK sədri A.Əliyev bildirib ki, 20 il əvvəl fəaliyyətə başlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi bu gün gömrük xidmətinin mühüm strukturlarından birinə çevrilib. Belə ki, burada təlim görən itlərin köməyi ilə bir sıra irimiqyaslı əməliyyatlar həyata keçirilərək külli miqdarda narkotik vasitələr, partlayıcı maddələr və s. aşkar olunub.
Komitə sədri onu da bildirib ki, ÜGT üzvü olan bəzi ölkələrin kinoloqlarına burada treninqlər keçirilib və bir sıra ölkələrin gömrük orqanlarına mərkəzdə yetişdirilən itlər bağışlanıb. İndiyədək Azərbaycan Gömrük Xidməti tərəfindən Monqolustan, Toqo, Bolqarıstan, Makedoniya, Türkiyə, Gürcüstan, Əfqanıstan və digər ölkələrin gömrük xidmətlərinə təlim keçmiş itlər hədiyyə olaraq verilib. Həmçinin Kinoloji Mərkəzdə təlim keçmiş itlər dəfələrlə müxtəlif səviyyəli yarışların qalibi olublar. A.Əliyev onu da qeyd edib ki, görülən işləri nəzərə alaraq Ümumdünya Gömrük Təşkilatı DGK-nın Kinoloji Mərkəzinə özünün Regional Kinoloji Mərkəzi statusunu verib.
ÜGT-nin Baş katibi K.Mikuriya deyib ki, əvvəllər iqtisadi inkişafa töhfə verən gömrük xidməti bu gün sərhədlərin idarə edilməsində də mühüm rol oynayır. Baş katib bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün ən vacib vasitələrdən birinin də yaxşı təlim görmüş itlər olduğunu qeyd edib.
K.Mikuriya onu da bildirib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti, beynəlxalq əlaqələr sahəsində gördüyü işlər, qlobal gömrükçülər ailəsinə göstərdiyi xidmətlər danılmaz və əhəmiyyətlidir.
Qeyd edək ki, mərasimdə Azərbaycanla yanaşı, Argentina, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Gürcüstan gömrük xidmətlərinin təlimçiləri iştirak ediblər. Kinoloji Mərkəzin təlim meydançasında məharətlərini göstərən komandalara sertifikatlar təqdim olunub.
Tədbirdə həmçinin Qabon Gömrük Xidmətinin nümayəndələrinə Azərbaycanda təlim görən 2 it hədiyyə olaraq verilib.
Bundan başqa, sentyabrın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Fəaliyyət Planının imzalanması mərasimi də keçirilib. Elm və təhsil sahəsində əməkdaşlığa dair bu sənəd Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Almaniya Federativ Respublikasının Münster Universitetinin Gömrük və Aksiz Departamenti arasında imzalanıb.
Onu da xatırladaq ki, sentyabrın 8-də Bakı şəhərində ÜGT-nin Regional Kinoloji Mərkəzində ÜGT-yə üzv olan bəzi dövlətlərin kinoloqları və xidməti itlərdən ibarət komandalarının nümayişi keçiriləcək, habelə MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə V yarışına start veriləcək.
DGK Mətbuat Xidməti