Maddə 33. Tarif güzəştləri
1. Mallar üzrə tarif güzəştləri (tarif preferensiyaları) bu Qanunla müəyyən olunur və onun tətbiqi bu Qanunun 35-ci, 36-cı və 37-ci maddələri istisna olmaqla, fərdi xarakter daşıya bilməz. Gömrük güzəştləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir.
Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.
2. Bu Qanunda nəzərdə tutulmuş gömrük güzəştlərinin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Maddə 34. Rüsumlardan azadetmə
Gömrük rüsumlarından aşağıdakılar azad edilirlər:
a) yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;
b) dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
v) rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri tərəfindən və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz çıxartmaq hüququna malik olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
q) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədi ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası və bu əraziyə gətirilən xarici valyutalar (numizmatika məqsədi ilə istifadə olunanlardan başqa), qiymətli kağızlar;
ğ) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;
d) qəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
e) texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar,habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
ə) üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar;
j) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının gömrük ərazisindən fiziki şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün çıxarılan mallar;
z) Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;
i) yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları;
k) kütləvi informasiya vasitələri — kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə.
ı) əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi əşyaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladıqda və əmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.
Maddə 35. Tarif preferensiyalarının verilməsi
Azərbaycan Respublikasının xarici dövlətlərlə ticarət-siyasi münasibətləri həyata keçirilərkən aşağıdakı mallar üzrə gömrük rüsumlarından azadetmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal (ixrac) üçün kvotalar qoyulması kimi güzəştlər verilə bilər:
  • mənşəcə, Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub olan mallar;
  • mənşəcə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən beş ildə bir dəfədən az olmamaq şərti ilə dövri olaraq yenidən baxılan milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.
Maddə 36. Tarif güzəştlərinin verilməsi
Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarında aşağıdakı mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azadetmə kimi güzəştlər verilə bilər:

  • Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun olaraq gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;
  • Azərbaycan Respublikasının iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;
  • Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;
  • xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası hökumətinin və ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzərdə tutulmuş hallarda və ya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindən istehsal edilərək Azərbaycan Respublikası ərazisindən çıxarılan müxtəlif növ mallar.

Hiç yorum yok:

Yorum Gönder