Gömrük orqanlarında xidmətə qəbul
9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları
qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına
riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş
prinsipləri əsasında təşkil edilir.
10. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi keyfiyyətlərinə
görə Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə
yetirə və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlar
gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.
11. Vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi,
müsabiqə və şəffaflıq əsasında həyata keçirilir.
Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanından və
müsahibədən ibarət olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
12. Vətəndaş gömrük orqanlarına xidmətə qəbul olunarkən aşağıdakı sənədləri təqdim
edir:
1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
5) sağlamlığının vəziyyəti haqqında tibbi arayış;
6) tərcümeyi-hal;
7) ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində
olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar;
8) hərbi bilet və ya digər hərbi uçot sənədi.
13. Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən, bu Əsasnamənin
12-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən
edilmiş qaydada yoxlanılır.
14. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına
maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul
olunmasından imtinanın səbəbləri barəsində bir ay müddətində yazılı formada məlumat
verilir.
15. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər,
din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş
və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə
gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya
başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla
bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər gömrük
orqanlarına xidmətə qəbul edilə bilməzlər.
Bir qayda olaraq yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul
edilmirlər.
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla
müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi
hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar
gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul
edilmirlər.
Gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və
orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız
müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər.
16. Gömrük orqanlarının vəzifəli şəxslərinin:
1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul
olmağa;
1-1) «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və
korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;
2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;
3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə
yetirməyə;
4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək
və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə;
5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə
iştirak etməyə;
6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə;
7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə;
8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və
yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.
17. Gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən şəxslər üçün daxil
olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 6 aya qədər sınaq
müddəti müəyyən edilə bilər.
18. Sınaq müddətinin müəyyən edilməsi gömrük orqanına işə qəbula dair əmrdə
göstərilir. Sınaq müddəti Azərbaycan Respublikasının gömrük işini aparan icra
hakimiyyəti orqanı tərəfindən qısaldıla bilər.
19. Gömrük orqanının vəzifəli şəxsi sınaq müddətində tutduğu vəzifəyə uyğun
olaraq gömrük orqanlarının vəzifəli şəxslərinə aid olan bütün hüquqlardan
istifadə edir.
Sınaq müddəti gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarındakı xidmət
stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin
olunarkən nəzərə alınır.
Sınaq müddəti dövründə sınağan nəticəsi qənaətbəxş olmadıqda gömrük orqanının vəzifəli
şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.
20. Gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara
və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.
Sınağın keçirilməsi qaydası və şərtləri Azərbaycan Respublikasının gömrük işini
aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən
hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının gömrük
işini aparan icra hakimiyyəti orqanının tədris müəssisəsində, Azərbaycan
Respublikasının digər təhsil müəssisələrində, habelə xarici dövlətlərin təhsil
müəssisələrində müqavilə əsasında həyata keçirilir.
Hiç yorum yok:
Yorum Gönder