Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
Avqustun 25-də bir sıra internet saytlarında və sosial şəbəkələrdə “Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar” başlıqlı informasiya yer almışdır.
Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, 25 avqust tarixində Rusiya Federasiyasından Gürcüstandan keçməklə Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətandaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi “BMW” markalı o165HO777 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışından öncə Erik Davidoviç Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim etmişdir.
Vətəndaş E.D.Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunmuşdur. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirmişdir. Vətəndaş E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilmiş, lakin o, geri qayitmağa qərar vermişdir.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda vətandaş Erik Davidoviç Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilmiş, o da, öz növbəsində heç bir etirazının olmadığını bildirmiş və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanmışdır.
DGK Mətbuat Xidməti
Hiç yorum yok:
Yorum Gönder