. GÖMRÜK REJİMLƏRİ
P L A N :
1. Malların istifadəsini nəzərdə tutan rejimlər.
2. Anbarlaşma rejimləri.
3. Emal rejimləri.
4. Digər gömrük rejimləri.
Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi, bəyan edilən gömrük rejiminin tələblərinə uyğun
olaraq icra edilməlidir.
Gömrük rejimi – xarici iqtisadi əlaqələrin inkişafına
dövlət təsirinin həyata keçirildiyi gömrük tənzimlənməsi vasitələrinə kompleks
şəkildə kömək edən xüsusi tədbirlər sistemi və metodların məcmusudur. Deməli,
gömrük rejimi gömrük məqsədləri üçün gömrük sərhədindən keçirilən mal və nəqliyyat
vasitələrinin statusunu təyin edən qaydaların məcmusudur.
GM-in 25-ci maddəsinə görə, gömrük tənzimlənməsi məqsədi
ilə aşağıdakı 15 gömrük rejimi növü tətbiq olunur:
1. Sərbəst dövriyyə üçün
buraxılış;
2. Təkrar idxal;
3. Tranzit;
4. Gömrük anbarı;
5. Rüsumsuz ticarət mağazası;
6. Gömrük ərazisində emal;
7. Gömrük nəzarəti altında
emal;
8. Müvəqqəti idxal (ixrac);
9. Sərbəst gömrük zonası;
10.Sərbəst anbar;
11.Gömrük ərazisindən kənarda
emal;
12.İxrac;
13.Təkrar ixrac;
14.Məhv etmə;
15.Dövlətin xeyrinə maldan
imtina.
Ümumi təsərrüfat fəaliyyətində gömrük rejimlərinin roluna
və yerinə görə, şərti olaraq iki əsas qrupa bölmək olar:
1.
Tənzimlənmə üsulları və gömrük vasitələrinin tam həcmdə tətbiq
edildiyi ümumi xarakterli rejimlər.
2.
Tənzimlənmənin gömrük – hüquq normalarından daha çevik istifadə edilməsi ilə fərqlənən və
bir növ onların xarici iqtisadi fəaliyyət iştirakçılarının tələblərinə
uyğunlaşdırılmasının nəticəsi kimi səciyyələnən gömrük rejimləri.
Müvəqqəti idxal
(ixrac) rejimi elə tələblər müəyyən edir ki, onlara riayət edilməsi xarici
malların Azərbaycan gömrük ərazisində, Azərbaycan mallarının isə ondan kənarda müvəqqəti istifadəsinə, iqtisadi siyasət tədbirləri
tətbiq etmədən və gömrük rüsum və vergiləri ödəmədən yol verilmiş olsun.
Müvəqqəti idxalın (ixracın) müstəqil gömrük rejimi kimi əhəmiyyəti
beynəlxalq əməkdaşlığın ticarət və digər formalarının inkişafına olan tələblərlə
müəyyən edilir.
Bu gömrük rejimi altında yerləşdirilmiş malların statusu
və eləcə də rejimin məzmunu, malların gömrük ərazisində və kənarda yerləşməsi və
istifadəsinin müvəqqəti xarakteri ilə müəyyən
edilir. Həmçinin müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsum və vergilərdən
tamamilə və ya qismən azad edilməsi də mühüm əhəmiyyət kəsb edir.
Gömrük məcəlləsinin 67-ci maddəsinə görə malların müvəqqəti
idxalı (ixracı) ölkənin gömrük ərazisində və ya ondan kənarda gömrük
rüsumlarından tamamilə və ya qismən azad olunmaqla həmçinin iqtisadi siyasət tədbirləri
tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük
rejimidir.
Müvəqqəti idxal (ixrac) rejiminin tələblərini həyata
keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qanun qüvvəli aşağıdakı
aktları qəbul edirlər:
1) müvəqqəti idxalına
(ixracına) icazə verilməyən malların kateqoriyaları barədə;
2) müvəqqəti idxal (ixrac)
edilən malların gömrük rüsum və vergilərinin
ödənil-
məsindən tamamilə və qismən azad edilməsi
qaydaları barədə.
Dövlət Gömrük Komitəsi bu rejim üzrə aşağıdakı vəzifələri
yerinə yetirir:
- geri aparılma barədə öhdəliklər
verilməsi və gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi hallarını müəyyən
edir;
- müvəqqəti idxal (ixrac) əməliyyatlarına
icazə verilməsi qaydalarını müəyyən edir;
- bəzi kateqoriyalı mallar
üçün müvəqqəti idxalın (ixracın) hüquq müddətlərini dəyişdirir.
Müvəqqəti idxalına (ixracına) icazə verilən malları şərti
olaraq, verilən güzəştlərin miqdarı və bu gömrük rejimi altında yerləşdirilməsi
qaydasından asılı olaraq, iki qrupa ayırmaq olar:
1) Əgər malların
müvəqqəti idxalı (ixracı) hər hansı neqativ nəticələrə gətirib çıxarmırsa və
gömrük orqanları tərəfindən icazə verilməyən məqsədlərlə istifadə edilməsi
istisna edilirsə, onda həmin mallara minimal tələblər qoyulur və gömrük rüsum və
vergilərindən tam azad edilir.
2) Digər hallarda
rejimin şərtləri bir qədər
ağırlaşdırılaraq müvəqqəti idxala (ixraca)
gömrük ödənişlərindən qismən azad edilməklə icazə verilir.
Gömrük Məcəlləsinin 40-cı maddəsinə görə, gömrük anbarı gətirilən
malların saxlanc dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara
iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında
saxlancından, ixrac gömrük rejiminə uyğunlaşdırılması nəzərdə tutulan malların
isə bu məcəllədə nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında
saxlanılmasından ibarət gömrük rejimidir.
Diqqət etmək lazımdır ki, “gömrük anbarı” və “gömrük
anbarı rejimi” anlayışları qatışdırılmasın.
Gömrük anbarı – müəyyən gömrük rejimi altında və müəyyənləşdirilmiş
qaydada malların yığılmasına imkan verən yerdir.
Gömrük anbar rejiminin həm idxalatçı, həm də ixracatçı
üçün öz üstünlükləri var. İxrac zamanı mal sahibi malın ölkədən çıxarılması ilə
əlaqədar olan gömrük əməliyyatlarını, xarici bazarın tələbatı və nəqliyyat
vasitələri imkanı nəzərə alınmaqla, qabaqcadan aparmaq imkanı əldə edir.
Gömrük orqanı anbar sahibi ilə birgə gömrük nəzarətinin təşkili
zamanı gömrük anbarına daxil olmağa icazəsi olan işçilərin siyahısını
hazırlayır. Gömrük nəzarətinin təmin edilməsi məqsədi ilə gömrük orqanı
tikilini iki bağlama qurğusu (qıfıl və ya digər) ilə təchiz edilməsini tələb edə
bilər. Bu zaman bir qurğunun istifadəsi gömrük orqanının sərəncamında qalır.
Anbarın sahibi gömrük orqanının əməkdaşları üçün təmənnasız
əsnada gömrük nəzarəti zonasında iş yeri təşkil etməli, onlar üçün tam təchiz
edilmiş xüsusi iş otağı ayırmalı, nəqliyyat və rabitə ilə təmin etməlidir.
Gömrük nəzarətinin təşkili anbar zonasının təchiz edilməsi,
tikililərin və onları əhatə edən ərazinin
qorunması, buraxılış rejiminin təşkili anbar sahibinin vəsaiti hesabına
həyata keçirilir.
Sərbəst anbar gömrük rejiminin əsas məqsədi, xarici
malları müəyyən edilmiş ərazi sərhədləri daxilində və ya binalarda gömrük rüsum
və vergiləri alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq
edilmədən yerləşdirilməsindən ibarətdir (GM maddə 74).
Bu gömrük rejimi altında ərazisinə gətirilməsi və
aparılması qadağan olunan mallar da yerləşdirilə bilər.
Sərbəst anbar Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsindən icazə alındıqdan sonra təsis edilə bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydalarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sərbəst anbar təsis
etmək üçün icazə verir və onun fəaliyyət müddətini müəyyən edir.
Sərbəst anbarı təsis etmək üçün icazə verilməsinə görə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda yığım alınır.
Sərbəst anbarı təsis etmək üçün icazə verən DGK onu ləğv
edə, geri ala, habelə onun fəaliyyətini dayandıra bilər.
Emal rejimləri. Mallar, beynəlxalq
mübadilə obyekti olduğundan, bəzən xarici ticarət əməliyyatının bitməsindən əvvəl,
ya da sonra müəyyən işlənmə (emal) tələb edir. Bu zaman bir sıra səbəblər üzündən
(iqtisadi, texnoloji və s.) istehsal və ya sənaye xarakterli belə əməliyyatlar
bir dövlətin gömrük ərazisində həyata keçirilə bilmir. Məhz bu məqsədlər üçün
“emal rejimləri” nəzərdə tutulur. Bu rejimlər çərçivəsində xüsusi hüquqi
mexanizmin tətbiq edilməsi aşağıdakılara imkan verir:
- gömrük tənzimlənməsinin adi
vasitə və tədbirləri tətbiq edilmədən xarici mallar gətirilsin və emal edilsin;
- Azərbaycan malları respublikanın
gömrük ərazisində emal məqsədi ilə çıxarılsın və dəyişilmiş (emal edilmiş) halda yerinə yetirilsin;
- xarici mallar Azərbaycanın
gömrük ərazisinə gətirilsin, emal edilsin və emal məhsulları geriyə qaytarılsın
və ya Azərbaycan ərazisində istifadə edilmək üçün saxlanılsın.
Gömrük ərazisində emal rejimi. Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin
57-ci maddəsinə görə. Gömrük ərazisində malların emalı – ixrac gömrük
rejiminə uyğun olaraq emal məhsullarının Azərbaycan Respublikası gömrük ərazisinin
hüdudlarından kənara aparılması şərtilə iqtisadi siyasət tədbirləri tətbiq
edilmədən idxal gömrük rüsumları və vergilər qaytarılmaqla, xarici malların Azərbaycan
Respublikası gömrük ərazisində müəyyən qaydada emal üçün istifadə edilməsindən
ibarət gömrük rejimidir. Qanunvericiliyə görə, gömrük ərazisində malların emalı
üçün icazə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Dövlət Gömrük Komitəsi İqtisadi İnkişaf Nazirliyi ilə
razılaşdırılmaqla malların emalı üzrə ayrı-ayrı əməliyyatlara Azərbaycan
mallarının aktiv emal rejimləri çərçivəsində istifadə edilməsi imkanı və
qaydaları da daxil olmaqla emal əməliyyatları aparılması şərtlərinə məhdudiyyətlər
müəyyən edir.
Dövlət Gömrük Komitəsi İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdıraraq
gömrük məqsədləri üçün emal məhsullarının məcburi hasilat miqdarının müəyyən
edilməsi qaydalarını təsdiq edir.
Gömrük nəzarəti altında emal rejimi.
Gömrük nəzarəti altında malların emalı gömrük rejimi xarici malların müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının gömrük ərazisində, onlara iqtisadi
siyasət tədbirləri tətbiq edilmədən istifadə olunması imkanını nəzərdə tutur.
Gömrük ərazisində malların emalı rejimindən fərqli olaraq bu halda:
- gətirilən mallardan gömrük
rüsum və vergiləri tutulmur;
- gətirilən malların emalı
gömrük nəzarəti altında məhsulların sonradan sərbəst dövriyyə buraxılma və ya
digər gömrük rejimləri altında yerləşdirilməsi şərti ilə həyata keçirilir.
Gömrük nəzarəti altında malların emalı rejimi də gömrük ərazisində
malların emalı rejimi kimi xarici malların emal məqsədi ilə milli gömrük ərazisinə
müvəqqəti buraxılmasını nəzərdə tutan aktiv emal tipinə aiddir.
Gömrük nəzarəti altında malların emalı rejimi də gömrük ərazisində
malların emalı rejimi kimi xarici malların emal məqsədi ilə milli gömrük ərazisinə
müvəqqəti buraxılmasını nəzərdə tutan aktiv emal tipinə aiddir.
Gömrük ərazisində malların emalı rejimində ödənmə
prinsipindən istifadə edilir: xarici mallar gətirilərkən ödənilmiş gömrük rüsum
və vergiləri, emal məhsulları çıxarılarkən qaytarılmalıdır.
Gömrük nəzarəti altında malların emalı rejiminin tətbiq
edilməsinin əsasında azadetmə prinsipi durur, çünki bu halda xarici mallar emal
üçün gətirilərkən gömrük rüsumu və vergiləri tutulmur.
İxrac rejimi. Malların ixracı Gömrük
Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən
olunan tələblərə uyğun olaraq həyata keçirilir. Digər gömrük rejimlərindən fərqli
olaraq ixrac rejimində malların “rejim altında yerləşdirilməsi şərtləri” deyil,
“rejimə irəli sürülən tələblər” məfhumu tətbiq edilməsi, bilavasitə ixrac
rejiminin hüquqi reqlamentasiyasından irəli gəlir. İxrac gömrük rejimi altında
yerləşdirilən mallar, bu rejimin xüsusiyyətləri nəzərə alınmaqla, ümumi qaydada
bəyan edilməli və gömrük rəsmiləşdirilməsindən keçməlidir.
Malların ixrac rejiminə uyğun olaraq çıxarılması xarici
iqtisadi fəaliyyətin ümumi sisteminə daxil olan müxtəlif vasitə və mexanizmlərlə
tənzimlənir.
İxracın əsas dövlət tənzimləmə vasitələrinə aşağıdakılar
aid edilir:
1) Tarif – vergi tənzimlənməsi
2) Qeyri – tarif vasitələri
3) Valyuta nəzarəti.
Təkrar ixrac rejimi. Malların təkrar
ixracı gömrük rejimində xarici mallar Azərbaycanın gömrük ərazisindən gömrük
rüsum və vergiləri alınmadan və ya alınmış rüsum və vergilər qaytarılmaqla,
iqtisadi siyasət tədbirləri tətbiq etmədən Gömrük Məcəlləsinə və Azərbaycan
gömrük qanunvericiliyinin digər aktlarına uyğun olaraq çıxarılır.
Bu gömrük rejimi iqtisadi baxımdan təkrar idxal rejiminin
“geri əks olunmasıdır”. Rejimlərin məzmunu onların istifadə olunma mexanizmində
bəzi prinsipial fərqlər olduğunu nəzərə çarpdırır.
Təkrar ixrac rejiminin reqlamentasiyası, təkrar ixrac
edilən malların Azərbaycan gömrük ərazisində olması faktına əsaslanır ki, bu da
gömrük nəzarətini həyata keçirməyə, rejimin şərtlərinə riayət olunmasını təmin
etməyə yönəlmiş əlavə tədbirlər görməyə imkan verir.
Malların təkrar ixracına Dövlət Gömrük Komitəsinin müəyyən
etdiyi qaydada yol verilir. Azərbaycan Respublikasının qanunvericilik aktları,
Azərbaycan hökumətinin aktları və Azərbaycan Respublikasının dövlətlərarası
müqavilələrində müəyyən edilmiş hallarda isə malların təkrar ixracına İqtisadi
İnkişaf Nazirliyinin razılığı ilə icazə verilir.
Təkrar idxal rejimi. Gömrük Məcəlləsinin
31-ci maddəsinə görə, malların təkrar idxalı ixrac gömrük rejiminə uyğun olaraq
ölkənin gömrük ərazisindən aparılmış yerli malların qanunla müəyyən edilmiş
müddətlə gömrük rüsumları və vergilər alınmadan, həmçinin bu mallara iqtisadi
siyasət tədbirləri tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük
rejimidir.
Təkrar idxal gömrük rejimi altında yerləşdirilən mallar
gömrük rəsmiləşdirilməsindən keçməlidir. Bu əməliyyatı malın alıcısının və ya
onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanı həyata
keçirir. Əgər mallar Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşdiyi
zaman onların mövcudluq halı dəyişilirsə, deklarant müvafiq sənəd təqdim etməlidir
ki, bu da təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi aparılan gömrük
yük bəyannaməsinin ayrılmaz tərkib hissəsi və əlavəsi olur. Bu sənəddə
deklarant tərəfindən mallar və onlara aid olan sənədlər haqqında bütün əsas məlumatlar
göstərilir, gömrük orqanının vəzifəli şəxsi bu malların təkrar idxal gömrük
rejimi altında yerləşdirilməsinə icazə verilməsi barədə qeydlər edir.
Tranzit rejimi. Gömrük məcəlləsinin
34-cü maddəsinə görə, malların tranzit – malların gömrük nəzarəti altında ölkənin iki gömrük orqanı arasında, o cümlədən xarici
dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara
iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük
rejimidir.
Tranzit beynəlxalq mal mübadiləsini obyektiv zərurətindən
doğan və ölkələrin coğrafi mövqeyi, geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən
zəruri nəqliyyat əlaqə kateqoriyası olub, beynəlxalq ticarət qədər qədim tarixə
malikdir.
Tranzitin hüquq mexanizmində nəqliyyat vasitələrinin tranzitində və malların tranzitində meydana gələn
iki növ münasibət nəzərdə tutulur.
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsində nəqliyyat
vasitələrinin tranzitinin reqlamentləşdirilməsi
özünəməxsus yer tutur, çünki nəqliyyat vasitələri beynəlxalq mal mübadiləsi
sistemində aralıq təsir həlqəsidir və bir qayda olaraq xarici ticarət tənzimlənməsinin
bilavasitə obyekti deyil. Bu səbəbdən Gömrük Məcəlləsinin gömrük tranzit
rejiminə həsr edilmiş müddəaları yalnız mal-qara aid edilir.
Tranzit – gömrük rejimi, malların və nəqliyyat vasitələrinin
müəyyən edilmiş müddətdə təyinat gömrükxanasına çatdırıldıqdan və müvafiq
gömrük əməliyyatları aparıldıqdan sonra başa çatmış hesab edilir.
Rüsumsuz ticarət mağazası rejimi.
Gömrük Məcəlləsinin 51-ci maddəsinə görə, rüsumsuz ticarət mağazası – mallardan
gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq
edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz
limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən
edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət
gömrük rejimidir.
Bu rejimin istifadə edilməsi imkan verir ki, xarici
malların ölkənin gömrük ərazisində, gömrük nəzarəti altında, gömrük vergiləri və
iqtisadi siyasət tədbirləri tətbiq edilməmək şərti ilə satışı təşkil edilsin.
Rüsumsuz ticarətin spesifikası o biri rejimlərlə müqayisədə aşkarlanır.
Rüsumsuz ticarət mağazası rejimi gömrük anbarı rejimindən
ilk növbədə onunla fərqlənir ki, bu rejimdə məqsəd malların müəyyən müddət ərzində
saxlanması deyil, onların tezliklə satılmasıdır. Xarici malların Azərbaycan
Respublikasının gömrük ərazisində, gömrük ödənişləri ödənmədən və iqtisadi
siyasət tədbirləri tətbiq etmədən satılması halı rüsumsuz ticarət mağazası
rejimini idxal – gömrük rejimindən fərqləndirən başlıca xüsusiyyətdir.
Potensial alıcıları belə mağazalara cəlb edən əsas şərt gömrük vergilərinin
malın satış qiymətinə əlavə edilməməsidir.
Gömrük vergiləri xarici malların qiymətini yerli mallara nisbətən nəzərə
çarpacaq dərəcədə yüksəldir. Xüsusilə də, aksizlərin tətbiq edilməsi daxili
bazarda onların rəqabət qabiliyyətini azaltmış olur.
Sərbəst gömrük rejimi zonası. Sərbəst
gömrük zonası – xarici mallardan gömrük rüsumları və vergilər alınmadan, həmçinin
göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların müvafiq
ərazi sərhədlərindən və ya binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsindən,
Azərbaycan mallarının isə bu məcəllə ilə müəyyən edilir qaydada ixrac – gömrük
rejiminə müvafiq olaraq malların aparılmasına tətbiq edilən şərtlərlə yerləşdirilməsi
və istifadə olunmasından ibarət gömrük rejimidir.
Sərbəst gömrük zonası gömrük rejimlərinin əsas qayəsi
ondan ibarətdir ki, bu rejimlərdə xarici mallar müəyyən edilmiş ərazi sərhədləri
daxilində və ya binalarda gömrük rüsum və vergiləri alınmadan, həmçinin bu
mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, Azərbaycan malları isə
ixrac gömrük rejimi ilə müəyyən edilən şərtlər daxilində yerləşdirilir və
istifadə edilir.
Bu gömrük rejimləri altında Azərbaycan Respublikası ərazisinə
gətirilməsi və aparılması qadağan olunmamış mallar yerləşdirilə bilər.
Sərbəst gömrük ərazisində yerləşdirilərkən, mallar ixrac
üçün nəzərdə tutulmuşsa, gömrük rüsumu və vergilərindən azad edilir və ya ödənilmiş
məbləğlər geri qaytarılır. Bu şərtlə ki, mallar vergi və rüsumlardan azad edildikdən
və ya tutulmuş məbləğlər qaytarıldıqdan sonra 6 ay ərzində mallar faktiki
çıxarılmış olsun.
Məhvetmə rejimi. Malların məhv edilməsi
xarici malların gömrük nəzarəti altında gömrük rüsum və vergiləri alınmadan, həmçinin
mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən məhv edildiyi gömrük
rejimidir (GM maddə 101). Məhv edilmə prosesinin özü malların tam məhv edilməsi,
yəni yandırılması, dağıdılması, basdırılması və s. yolu ilə, həm də onların
istifadəyə yararsız hala gətirilməsi, yəni sökülməsi, parçalanması, mexaniki zədələnməsi
və s. yolu ilə həyata keçirilə bilər.
Axırıncı halda gömrük orqanları diqqət etməlidirlər ki,
mexaniki zədələnmələr məhv edilən malların yenidən bərpası və ilkin halında
istifadə edilməsi imkanını istisna etsin.
Rejimin özünün tətbiqinə o zaman yol verilir ki, malların
məhv edilməsi üçün seçilmiş üsul sayəsində onlar öz istehlak qabiliyyətlərini
(xassələrini) və dəyərini itirmiş olsun.
Məhvetmə rejiminin əsas xüsusiyyəti odur ki, bu rejim
altında yalnız Azərbaycan gömrük ərazisinə faktiki olaraq gətirilmiş xarici
mallar və nəqliyyat vasitələri yerləşdirilə bilər. Qeyd etmək lazımdır ki, məhvetmə
rejimindən fərqli olaraq, dövlətin xeyrinə maldan imtina rejimi xarici mallarla
birgə Azərbaycan mallarına da şamil edilə bilər.