«Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın 1.1-ci bəndinin üçüncü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 4, maddə 289, № 8 maddə 560; 2002-ci il, № 8, maddə 549; № 9, maddə 581, № 10, maddə 647; 2003-cü il, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004-cü il, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005-ci il, № 10, maddə 980; 2006-cı il, № 4, maddə 363, № 7, maddə 652; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 may tarixli 78 nömrəli və 13 iyun tarixli 95 nömrəli qərarları) ilə təsdiq edilmiş «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı» yeni mətndə təsdiq edilsin (əlavə olunur). 2. «Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 iyul tarixli 185 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 652) 4-cü bəndi qüvvədən düşsün, 5-ci və 6-cı bəndləri isə müvafıq olaraq 4-cü və 5-ci bəndlər hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 noyabr 2007-ci il


Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı

1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələri də daxil olmaqla keçirilən (o cümlədən, müşayiət olunmayan baqajda və beynəlxalq poçt göndərişlərində) malların, habelə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən xarici ölkədə sifariş verməklə (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və sairə çəkilən xərclər nəzərə alınmaqla) gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsi üçün hər bir yük gömrük bəyannaməsinə və ya gömrük mədaxil orderinə görə malın gömrük dəyərindən asılı olaraq aşağıdakı qaydada gömrük yığımları alınır:

-gömrük dəyəri 1000 manata qədər olduqda 10,0 manat;
-gömrük dəyəri 1001 manatdan 10000 manata qədər olduqda 50 manat;
-gömrük dəyəri 10001 manatdan 100000 manata qədər olduqda 100 manat;
-gömrük dəyəri 100001 manatdan yuxarı olduqda isə 275 manat.


2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, pasport və şəxsiyyət vəsiqələri blanklarının, həmçinin, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı avadanlıq və materialların gömrük rəsmiləşdirilməsi zamanı hər bir yük gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq, 275 manat midarında gömrük yığımları alınır.
Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sazişlərin müvafiq müddəaları ilə müəyyən edilmiş miqdarda gömrük yığımları alınır.
3. Gömrük yük bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq, 10 manat miqdarında gömrük yığımı alınır.
4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 manat, hər əlavə tranzit yük bəyannamələri üçün isə 10 manat miqdarında gömrük yığımları alınır.
5. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:
5.1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün - 20 manat;
5.2. digər nəqliyyat vasitələri üçün - 15 manat miqdarında gömrük yığımı alınır.
6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və ya iş yerindən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.
7. Aşağıdakı hallarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük yğımları alınmır:
7.1. qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardımlar;
7.2. humanitar yardımlar;
7.3. texniki yardımlar;
7.4. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri;
7.5. elektrik enerjisinin qarşılıqlı ötürülməsi;
7.6. fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq olmayan mallar;
7.7. istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, beynəlxalq poçt göndərişlərində ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-dan artıq olmayan mallar;
7.8. qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələrkən (və ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köçüb gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özləri ilə gömrük sərhədindən keçirərək, gömrük orqanlarına bəyan etməklə, müşayiət olunan baqajla və ya müşayiət olunmayan baqajla gətirildikdə (aparıldıqda);
7.9. zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalar gömrük qaydalarına əməl etməklə,  müvəqqəti olaraq gətirildikdə (aparıldıqda);
7.10. açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş mallar (gətirilməsi və aparılması qadağan edilmiş mallardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə.

Hiç yorum yok:

Yorum Gönder